Radikalizmin qurbanına çevrilənlər

Yem edilən südəmərlər...
RAMİL ZEYNALLI
Yalançı vədlər, maddi yardımlar və hədə-qorxu...
Son zamanlar bəzi radikalların ölkənin siyasi həyatına müəyyən mənada müdaxilə etməyə cəhd etdiyi iddia edilir. Bunun isə qarşısının hüquq-mühafizə orqanları tərəfindən alındığı deyilir. Məlumdur ki, Azərbaycandan bəzi adamlar İŞİD sıralarına qoşulmağa başladılar. Onların qanunsuz yollarla Türkiyə və Suriya sərhədini keçərək İŞİD terror qruplaşmasına qoşulmasına dair məlumatlar var. Lakin bütün bu baş verən hadisələrdən daha çox uşaqlar əziyyət çəkir. Valideynlərinin hər hansı bir dini radikalizm qruplaşmasına qoşulması və onların dini təriqətlərinə uyması azyaşlılara təsirsiz ötüşmür.
Yalançı vədlər, maddi yardımlar və hədə-qorxu...
"Əsasən o ailələri tapırlar ki, orada yeniyetmə uşaqlar olsun. Onları aldadıb tora salmaq daha asan olur"
Sumqayıtda fəaliyyət göstərən "Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin sədri Zemfira Mustafayeva deyir ki, belə sektaların və ya uydurma dinlərin toruna sosial təminat baxımından zəif olan ailələr və onların övladları düşür: "İnsanlar bu qurumların toruna yalançı vədlər, muəyyən maddi yardımlar və bəzən də, hədə-qorxu təsiri altında düşürlər. Onların nümayəndələri zəif bəndlərı axtarıb tapır, ilk növbədə yardım adı ilə ya dərmanlarının alınmasına, ya da yemək yardımı etməklə özlərini dost kimi qələmə verirlər. Əsasən o ailələri tapırlar ki, orada yeniyetmə uşaqlar olsun. Onları aldadıb tora salmaq daha asan olur: "Məsələn, bizə yataqxanada yaşayan xəstə qadın müraciət edərək ona tanımadığı çadralı qadınlar tərəfindən dərmanlarının alınmasında köməklik etmişdilər. Əvəzində isə oğlunu onların təşkilatına qoşulması ücün təsir etməyə başlamışdılar. O da belə bir vəziyyətin yarandığını görüb bizdən yardım istəməyə gəlmişdi. Biz imkanlarımızı cəm edərək həmin qadının ailəsini təhlükədən xilas edə bildik".
Zemfira Mustafayeva
"Məktəb dini təbliğat müəssisəsi deyil"
Z. Mustafayevanın sözlərinə görə, bəzi valideynlər qız övladlarının körpəlikdən başlarını bağlamaqla, özlərini əsl dindar kimi qələmə vermək istəyirlər. Belə ailələrdə böyüyən qızları bəzən erkən nikaha sövq edib, öz borclarını yerinə yetirmiş hesab edirlər: "Sonradan elə həmən qızlar da rəsmi nikah və təhsil olmadığı üçün heç nəsiz qalırlar. Çox vaxt tam qara çadraya bürünmüş uşaqlara da rast gəlirik.Bu geyim tam hansısa radikal dinin təsirindən yaranıb. Risk qrupuna aid edilən ailələrdə aldanma, şirnikləndirmə halları daha çoxdur".
Ekspertin qənaətincə, bu istiqamətdə ictimai qınaq olmadan və laqeyd yanaşma olarsa, başıbağlı körpələrin , təhsilsiz qızların və erkən nikahların artmasının şahidi olacağıq: "Məktəblərdə zor tətbiq etməklə uşaqların başını açmaqla hec nəyə nail olmaq olmaz. Onların ailələri ilə mütəmadi işləmək, problemlərini öyrənmək və həlli yollarını axtarmaq lazımdır. Bir sinifdə xristian da, buddist də, müsəlman da təhsil ala bilər. Əgər geyimi ilə, yəni başını baglamaqla öz dindarlığını ifadə edirsə, onda xristian da öz xristianlığını ifadə etsə sinifdə xaos yaranar. Geyim-dinin rəmzidir və elə həmin dinin təbliğidir. Tolerant bir ölkədə sinifdə belə təbligat düzgün deyil. Məktəb dini təbliğat müəssisəsi deyil. Məsələn, xaricdə boynunda xaçla sinfə gələn müəllimi işdən cıxarmışdılar və ya məşhur aparıcını da xaçla çıxış etdiyi üçün işdən qovmuşdular. Bunu xristian dininin təbliği kimi qələmə vermişdilər".
"Dünyəvilik prinsipi" nə deməkdir?
Dünyəvilik prinsipinin əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir. Dünyəvilik prinsipi dövlətin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir."Dünyəvilik prinsipi" nə deməkdir?
Dünyəvilik prinsipi nə deməkdir?.
Konstitusiyada ifadə edildiyi kimi, Azərbaycan Respublikası dünyəvi dövlətdir. Dövlətin bu xarakteristikası özündə onu ehtiva edir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, başqa sözlə, bir-birlərinin işlərinə qarışmırlar.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə əsasən, Azərbaycan dünyəvi dövlətdir. Bu, özünü aşağıdakı amillərdə göstərir:
- Rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması
- Heç bir din məcburi müəyyən edilə bilməz.
- Dinin dövlətdən ayrılması.
- Bütün dini etiqadların qanun qarşısında bərabərliyi.
Bu müddəalar Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsində təsbit olunub.
Hər kəs dinə münasibətini müstəqil müəyyənləşdirir.
Dünyəvilik prinsipinin əsas məqsədi əslində vicdan azadlığını təmin etməkdir. Dünyəvilik prinsipi dövlətin vətəndaşlarını bir dini mənimsəmə, bu dinin tələblərini yerinə yetirmə və ya yetirməmə məsələsində öz vicdanları ilə baş-başa buraxır və onlara azad seçim imkanı verir. Dövlət müəyyən bir dinə və ya məzhəbə üstünlük vermədiyi üçün hər kəs sahib olduğu inanca görə yaşamaq imkanı əldə edir.
"İbtidai dini təfəkkür çox aşağıdır"
Sosioloq Cavid İmamoğlu isə deyir ki, məcburiyyət qarşısında edilən hərəkətlər qəbuledilməzdir. Azərbaycanda ailələrin öz dini əqidələrini, dini inanclarını uşaqlara zorla yeritməyə çalışdıqları hallarına da rast gəlinir: "Belə valideynlər əslində övladlarına onların xeyirlərinə olan bir şeyi etdiklərini düşünürlər, lakin məcburiyyətlə, zorakılıqla müşahidə olunan şey belə, özü də ziyanlıdır. Hələ ki, bu dindirsə, əxlaqdırsa, mənəviyyatdırsa, bunu insan özü dərk etməlidir, öz düşüncəsiylə anlamalıdır və bunu anlaqlı şəkildə etməlidir".
"Dini təriqətləri onlara anlamadan zorla qəbul etdirmək yolverilməzdir"
Sosioloq bu kimi halların artmasını maarifləndirmənin istənilən səviyyədə olmaması ilə əlaqələndirir: "Azərbaycanda bəzi dini çevrələrdə radikal düşüncə və fikirlər mövcuddur ki, bu da əhali arasında yayılır. Azərbaycan insanının ibtidai dini təfəkkürü çox aşağıdır. Buna səbəb isə sovet dövründə islam dini ilə bağlı tədrisin olmamasıdır. Sovetlərdən sonra da dinin təlim və tədrisində işlər yalnız məscidlər səviyyəsində olub. Bütün insanlar da məscidlərə getmədiyindən nəticə etibarı ilə bu gün Azərbaycan vətəndaşı dini maarifsizlik və biliksizlik problemindən əziyyət çəkir. İstənilən qeyri-ənənəvi dini əqidə tərəfdarları öz təbliğatları vasitəsi ilə insanları öz məzhəb və əqidələrinə çəkə bilirlər. Bundan ən çox əziyyət çəkən isə həmin ailələrdəki uşaqlar olur. İstəməyərəkdən valideynlərinin qəbul etdiyi həyat tərzini bölüşməyə məcbur edilirlər. Din və vicdan azadlığı haqqında olan qanun da deyir ki, insan heç bir halda başqasının təzyiq və təsiri ilə bu prosesə qoşulmamalıdır və burada xüsusilə də məktəblərin üzərinə böyük yük düşür. Çünki məktəblərdə valideynlərlə iş aparılmalıdır və onlara izah olunmalıdır ki, erkən inkşaf dövründə olan uşaqları əqidənin qurbanı etmək olmaz. Dini təriqətləri onlara anlamadan zorla qəbul etdirmək yolverilməzdir. Lakin özü anlaqlı şəkildə, bunu anlayaraq edirsə, hicab geyinirsə, artıq valideynlər də övladlarına dəstək olmalıdırlar. Biz əksini müşahidə edirik, bəzi ailələrdə qızlarımız anlayaraqdan hicablı geyimə üstünlük verirlər, bəzən ailələri onları dəstəkləmir, normal şəkildə qarşılamırlar. Təbii ki, bu da yolverilməzdir. Maarifləndirmə işləri artırılmalıdır ki, hər bir valideyn bilsin ki, övladlarımızın inanc seçmək , öz dini baxışlarını tərənnüm etmək hüquqları var və bunlardan heç kəs onları məhrum edə bilməz. O cümlədən də, valideynlər belə məsələlərdə gərək diqqətli olsunlar".
"Qanunlara ziddir..."
Hüquqşünas Ramil Süleymanov deyir ki, valideynlər yetkinlik yaşına çatmamış uşaqların hüquqlarını pozmamalı, öz məsuliyyətini dərk etməli, övladlarına uşaqlıqlarını yaşamağa imkan verməlidirlər: "Uşaqlarını dini mərasimlərə cəlb edən valideynlər dərk etməlidirlər ki, uşaqların sağlamlığına zərər vuran hərəkətlər birbaşa Uşaq Hüquqları Konvensiyasına və Azərbaycan Respublikasının müvafiq qanunlarına ziddir".
R. Süleymanov həmçinin qeyd edir ki, uşaqların Aşura mərasiminə cəlb edilməsi onların sağlamlığını təhlükə qarşısında qoyur: "Çünki, həmin mərasimdə iştirak edən insanlardan kimsə infeksion xəstəliklərin daşıyıcısı ola bilər. Uşaqların orqanizmi zəif və yenicə formalaşan olduğundan onlar təhlükəli və güclü viruslara daha tez yoluxurlar... Aşura mərasimində zəncir və qılınc vurma kimi hərəkətlərə yol verilir. Eyni zamanda, ağlaşma və özünüdöymə kimi hallara da rast gəlinir. Təbii ki, bu cür dəhşətli, qanlı və səs-küylü mərasimdə uşaqların psixoloji vəziyyəti ciddi şəkildə pozulur, onlar sarsıntı keçirirlər. Hər bir insan öz dinini şüurlu olaraq dərk edərək yaşamalıdır, öz dini ibadətlərini həyata keçirməlidir. Məcburiyyət və zor qəbuledilməzdir.
Tədris
Dini biliklər
"Gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir"
Qeyd edək ki, ölkəmizdə orta məktəblərdə din dərsinin ayrıca fənn kimi tədris olunması ilə bağlı müxtəlif təkliflər səslənir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov mediyaya açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliyə əsasən, dövlət təhsil sistemi dindən ayrıdır, bu baxımdan orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz. Amma dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər: "Azərbaycanda dini durumun, o cümlədən dindarlaşma prosesinin təhlili və dünyəvi ölkələrin təcrübəsi təsdiqləyir ki, böyüməkdə olan gənc nəslə dini biliklərin verilməsi olduqca vacibdir. Bunun üçün ən münasib məkan təhsil müəssisələridir. Əgər gənclərə dini biliklər doğru yerdə və doğru insanlar tərəfindən verilməsə, bu boşluğu başqaları - radikal, məzhəbçi dini qruplar doldurmağa çalışacaqlar.
Əgər gənclərə dini biliklər doğru yerdə və doğru insanlar tərəfindən verilməsə, bu boşluğu başqaları - radikal, məzhəbçi dini qruplar doldurmağa çalışacaqlar.
Buna görə də, təhsil müəssisələrində gənclərə bütün dinlər, xüsusilə İslam dini, onun mahiyyəti barədə ətraflı məlumat verilməsi çox önəmlidir. Bu məlumatların şagirdlərə neçənci sinifdə, hansı formada və ya hansı fənn daxilində çatdırılması isə daha çox pedaqoji məsələdir. Dinlər barədə dərsliklərdə olan məlumatların isə genişləndirilməsinə ehtiyac duyulur. Hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu sahədə öz hüquq və səlahiyyətləri daxilində aidiyyəti qurumlarla əməkdaşlıq edir", - deyə G. İsmayılov bildirib.
RAMİL ZEYNALLI
Made on
Tilda